Siyasi məhbus məsələsi siyasiləşdirilir
Azərbaycanda siyasi məhbus yox, məhbusların siyasiləşdirilməsi problemi var. Millət vəkili Zahid Oruc bildirib ki, bu siyasət müxtəlif qüvvələr tərəfindən həyata keçirilir: "Siyasi məhbus məsələsi ətrafında böyük siyasi kampaniyalar qurmaq halları var. Bu məsələ Azərbaycanın başı üstündə sanki bir qılınc kimi asılıb. Seçkilər ərəfəsində bu mexanizm işə düşür. Siyasi partiyalar bundan hakimiyyətə qarşı istifadə edirlər. Qeyri-hökumət təşkilatlarının da bu məsələdə öz maraqları var. Onlar siyasi məhbus məsələsindən mədələrinin qidalanması üçün vasitə kimi istifadə edirlər".
Milli Məclisin strukturunda müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var. Zahid Orucun sözlərinə görə, dəyişikliklər xüsusən daimi komissiyalarda edilməlidir: "Milli Məclisdə daimi komissiyaların sayı millət vəkillərinə və parlamentə edilən müraciətlərin hamısını həll etmək iqtidarında deyil. Bəzi sahələrin bir daimi komissiyada birləşdirilməsi müraciət edilən məsələlərin həllinə imkan vermir. Məsələn, maliyyə və vergi, sənaye, tikinti, nəqliyyat kimi sahələr iqtisadi siyasət daimi komissiyasında, ailə, uşaq və qadınlar problemi, veteranların işi isə sosial siyasət komisiyasında birləşdirilib. Ancaq əslində onların hər biri müstəqil komissiya olmağa layiqdir. Ona görə parlamentlə belə daimi komissiyaların yaradılması məsələsinə baxılmalıdır."