Müstəqil Içtimai-Siyasi Qəzet
09 Fevral 2012-cı il N 10(1454)
Ana səhifə
RƏSMİ
Gündəm
Xəbər
Siyasət
İqtisadiyyat
Dünya
Aktual
Kriminal
Maraq dairəsi
Mədəniyyət
ARXİV    Fevral
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
BİZƏ YAZIN
Qəzet
Baş redaktor
İnformasiya şöbəsi
Siyasət şöbəsi
İdman şöbəsi
İqtisadiyyat şöbəsi
Mədəniyyət şöbəsi
Sosial şöbəsi

 

LİNKLƏR
AzTV
LiderTV
LiderFM
525ci qazet
Zerkalo
Ayna
Uc noqta
Hafta içi
SAYĞAC
 
ÜNVAN

© Mövqe qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Mövqe" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

Dialoq həmişə mövcuddur
Aydın Mirzəzadə: "İqtidarın qapıları müxalifət üçün açıqdır"
Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsi yenidən əsas müzakirə mövzularından birinə çevrilib. Bəzi müxalifət partiyaları siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsində müəyyən məhdudiyyətlərin tətbiq olunacağı, daha çox hakimiyyətə yaxın olan partiyaların bu maliyyədən bəhrələnəcəyini iddia etdiyi halda, hakimiyyət bunun əksini söyləyir. Sözügedən məsələdə beynəlxalq təcrübənin əsas götürüləcəyini qeyd edən hakimiyyət rəsmiləri bəzi prosedurların da nəzərə alınacağını istisna etmirlər. Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin qənaətincə, ölkədə qeydiyyatdan keçən bütün partiyalara dövlət tərəfindən maliyyənin ayrılması doğru deyil. Parlament və bələdiyyə seçkilərində iştirak edərək müəyyən səs toplayan partiyaların dövlətin maliyyəsindən yararlanacağını deyən YAP rəsmisi hazırda "Siyasi partiyalar haqqında" qanun üzərində iş getdiyini bildirib. Millət vəkili prezident seçkiləri ərəfəsində olan ölkədə cərəyan edən siyasi proseslər və seçkiyə hazırlıq məsələlərindən də danışıb. ("OLAYLAR"İA)
   - Aydın müəllim, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsi yenidən əsas müzakirə mövzularından birinə çevrilib. Azərbaycan cəmiyyəti üçün siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi mümkündürmü? Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsində hansı prinsiplərin əsas götürülməsi vacibdir?
   - Hələlik "Siyasi partiyalar haqqında" qanun üzərində iş davam edir. Belə bir ideya var ki, siyasi partiyaların bir qismi dövlət tərəfindən maliyyələşsin. Ancaq burada bir məqam var ki, söhbət bütün qeydiyyatdan keçmiş partiyalardan getmir. Məhz bu və ya digər seçkilərdə müəyyən bir yer əldə etmiş partiyalara bu şamil edilə bilər. İstənilən partiyanın istəyi hakimiyyətə gəlmək və hakimiyyətdə təmsil olunmaqdır. Ancaq kənd bələdiyyəsi səviyyəsində belə namizədini seçdirə bilməyən partiyaya dövlət tərəfindən maliyyənin ayrılmasından söhbət gedə bilməz. İlk növbədə parlament və bələdiyyələr səviyyəsində təmsil olunan partiyaların maliyyələşməsi nəzərdə tutulur. Burada şübhəsiz ki, təmsil edilmə dərəcəsinə görə də maliyyələşmə mümkün olacaq. Hələlik bu bir layihədir və belə bir ideya var. Gələcəkdə bu istiqamətdə keçirilən müzakirələrdə əlbəttə ki, müxtəlif baxışlar ola bilər.
   - Qarşıdan gələn prezident seçkilərinə həm hakimiyyət, həm də müxalif düşərgə müəyyən dərəcədə hazırlaşır. Hakim partiya rəsmisi kimi müxalifətin seçkiyə hazırlığını necə qiymətləndirirsiniz?
   - Bu gün Azərbaycanda fəaliyyət göstərən bütün siyasi qüvvələr prezident seçkilərinə hazırlaşırlar. Ancaq hər bir qüvvə öz gücünə görə hazırlaşır. Kimin sosial bazası necədirsə və Azərbaycan cəmiyyətində hansı dəstəyə malikdirsə, ona uyğun da hərəkət edir. Kənardan aparılan müşahidələr göstərir ki, favorit hakim Yeni Azərbaycan Partiyasıdır. YAP-ın favorit olması onun hakim partiya olması ilə bağlı deyil. Yeni Azərbaycan Partiyası ötən seçkilərdə verdiyi vədləri yerinə yetirdiyinə, əhalinin etimadını doğrultduğuna görə, hakim partiyanın prezidentliyə namizədinin qalib gələcəyi böyük ehtimalla gözlənilir. Paralel olaraq müxalifət düşərgəsində də prezident seçkilərinə hazırlıq gedir. Eyni zamanda müxalifət düşərgəsində müəyyən dəyişikliklər baş verir. Bir müddət öndə olan siyasi partiyaların bir qismi artıq siyasi səhnədən silinmək üzrədir. Bunların sırasına Azərbaycan Milli İstiqlal Partiyası, AXCP və Liberal Partiyasını aid etmək olar. Eyni zamanda Ayaz Mütəllibov və Rəsul Quliyevin tərəfdarlarının cəm olduğu partiyalar da həddən artıq zəifdirlər və ölkədə cərəyan edən siyasi proseslərdə görünmürlər. Ancaq bunun əvəzində ənənəvi müxalifətlə yanaşı yeni tipli, konstruktiv, parlament müxalifəti meydana gəlir. Əminəm ki, həmin qüvvələr də prezident seçkilərində güclərini sınayacaqlar. Çox gözləniləndir ki, prezident seçkilərində radikal müxalifətin yerinə konstruktiv, parlament müxalifətinin namizədləri önə çıxsın. Lakin ümumilikdə götürəndə onların əsaslı şəkildə səs toplayacağı gözlənilən deyil. Çünki prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, bu siyasətin həyata keçirilməsi nəticəsində əldə edilən uğurlar onun tərəfdarlarının dairəsini 2003-cü ilə nisbətən xeyli dərəcədə artırıb.
   - Azərbaycan Demokrat Partiyasının ardınca Müsavat Partiyası da hakimiyyətə dialoq təklifi irəli sürüb. Müxalifət partiyaları ilə dialoqun baş tutmamasının səbəbi nədir? Hakimiyyət həmin qüvvələrin səmimiliyinə inanmır, yoxsa dialoqun keçirilməsinə ehtiyac yoxdur?
   - İqtidar-müxalifət dialoqunun keçirilməsi üçün rəsmi müraciət yoxdur. Müxalifət partiyaları bir qayda olaraq sadəcə dialoq barədə şüar səsləndirirlər. Ancaq bununla bağlı müraciət və bu dialoqun kiminlə keçirilmək istənildiyi barədə fikirlər yoxdur. Həmçinin dialoqda hansı məsələlər ətrafında fikir mübadiləsinin aparılması barədə açıqlamalar verilmir. Bu baxımdan da iqtidar tərəfindən dialoq çağırışına cavab yoxdur. Ancaq iqtidarın qapıları həmişə müxalifət üçün açıqdır. İstənilən məsələni müzakirə etmək, məsləhətləşmələr aparmaq mümkündür.
   - Prezident seçkiləri ərəfəsində dialoqun baş tutması mümkündür?
   - Dialoq onsuz da bir atmosferdir, bu həmişə mövcuddur. Dəyirmi masa ətrafında görüşlərin olması istənilən vaxt mümkündür.
   
Xocalı soyqırımına dair xüsusi qəzet nəşr ediləcək
Fransada Xocalı soyqırımına həsr edilmiş xüsusi qəzet işıq üzü görəcək. Fransadakı Azərbaycan diasporunun təşkilatçılığı ilə hazırlanacaq qəzetdə Xocalı soyqırımını əks etdirən materiallar və fotoşəkillər əksini tapacaq. Fransız dilində nəşr ediləcək qəzetin fevralın 23-də Strasburqun Brodvi meydanında keçiriləcək mitinqdə paylanması nəzərdə tutulur.
   
Beynəlxalq təşkilatlar Samir Məmmədovu gizlədir
Eldar Sabiroğlu: "Həmin təşkilatların bununla nə əldə etmək istədiyi məlum deyil"
Yanvarın 29-da Ermənistan tərəfdən üçüncü ölkəyə təhvil verilən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Samir Məmmədovun yeri hələ məlum deyil. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib ki, əsir əsgərin təhvil verildiyi ölkənin adını beynəlxalq təşkilatlar gizlədir: "Əslində, həmin təşkilatlar və bəzi məlumatlı şəxslərin bununla nə əldə etmək istədikləri məlum deyil. Samir Məmmədovun yerini bilən beynəlxalq təşkilatlar insan hüquq və azadlıqlarına hörmətlə yanaşmalı və əsirin təhvil verdiyi ölkənin adını açıqlamalıdır. Amma onlar nədənsə bu normalara hörmətlə yanaşmaq niyyətindən kənardırlar". Eldar Sabiroğlu qeyd edib ki, bu prosesdə bəzi hüquq müdafiəçiləri də yanlış mövqe tutub. Həmin şəxslər hətta mətbuatda müxtəlif versiyalarla çıxış etməklə əsir əsgərin Azərbaycana qayıtmaq istəməməsinə haqq qazandırır. Müdafiə Nazirliyi hazırda əsgərin hansı ölkəyə təhvil verilməsilə bağlı araşdırmalarını davam etdirir.
   Yanvarın 29-da Xəzər dənizi üzərində qəzaya uğramış, Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 tipli döyüş təyyarəsinin axtarışları nəticə vermir. Eldar Sabiroğlunun verdiyi məlumata görə, təyyarənin qalıqları və həlak olan iki pilotun cəsədləri ilə bağlı axtarışlar davam etdirilir. Amma hələ təyyarənin qalıqları tapılmayıb. Eldar Sabiroğlu bildirib ki, təyyarənin qəzaya uğraması səbəbləri də hələlik məlum deyil. Hadisənin səbəbləri yalnız təyyarənin "qara qutu"su tapılandan sonra məlum olacaq.
   Yanvarın əvvəllərində donvurma nəticəsində hərbi hospitallara yerləşdirilən əsgərlərdən ikisinin müalicəsi hələ yekunlaşmayıb. Bu barədə də məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu verib. Onun sözlərinə görə, hazırda əsgərlərin biri Bakıdakı Mərkəzi Hərbi Kliniki Hospitalda, digəri isə Gəncə Hərbi Hospitalında müalicəsini davam etdirir. Qurum sözçüsünün dediyinə görə, həmin əsgərlərin səhhəti hələ tam normallaşmayıb. Əsgərlərin don vurması nəticəsində ayaqlarının amputasiya olunmasına gəlincə isə, Eldar Sabiroğlu deyib ki, həkimlər hələlik buna ehtiyac görmür. Hazırda həkimlər həmin əsgərlərin cərrahiyyə əməliyyatına məruz qalmasına ehtiyac olmadığını deyir.
Hava
Məzənnə
 
Copyright © 2007-2010 Mövqe qəzeti
Site by azDesign.ws