"Elə tamaşalar qoyulmalıdır ki, tamaşaçı növbəyə düzülsün"
Ötən ilin dekabr ayında Akademik Milli Dram Teatrında tanınmış türk dramaturqu Tuncer Cücenoğlunun "Uçqun" pyesi əsasında eyniadlı tamaşanın premyerası keçirildi. Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar incəsənət xadimi Ağarəhim Əliyev, bəstəkarı Xalq artisti Səyavuş Kərimi olan tamaşada əsas rollarda Əməkdar artistlər - Səidə Quliyeva, Mətanət Atakişiyeva, Telman Əliyev, Kazım Abdullayev, Sadıq İbrahimov, Firuz Xudaverdiyev, aktyorlardan Məzahir Cəlilov, İradə Həsənova və başqaları oynayır. "Uçqun"da əsas rollardan biri - Ana obrazını oynayan M.Atakişiyeva çoxdandır ki, belə bir faciəvi rolu oynamaq arzusunda olduğunu bildirir:
- "Uçqun" tamaşasında, ümumiyyətlə, rolların adı yox idi. Mən Ana rolunu oynayırdım. Əsərin mövzusu çox maraqlıdır: Şərqi Anadoluda dağ massivləri ilə əhatə olunmuş kənddə yerli əhali ucadan danışmır, qəhqəhə çəkib gülmür, başqa sözlə, çalışırlar ki, səs-küy salmasınlar. Səbəbi isə səs dalğalarının qar uçqunu yarada bilməsi qorxusudur. Bu hadisədə ən qeyri-adi hal isə qar uçqununun ilin 9 ayı ərzində baş verə bilməsidir... Yalnız ilin 3 ayı ərzində əhali qışqırmaq, silahdan atəş açmaq, toy etmək, uşaq dünyaya gətirmək imkanına malikdir. Yəni onlar öz emosiyalarını ilin təhlükəsiz 3 ayında büruzə verə bilərlər... Bəs qalan 9 ay ərzində əhali nə etməlidir? Azacıq səs salmamalı, tam qorxu və həyəcan içində yaşamalı...
Ana tamaşa boyu bu qorxu və həyəcanları içindən keçirir.
- Deyə bilərsinizmi, bu tamaşadakı rolunuzun oynadığınız digər obrazlardan fərqi nədədir?
- Demək olar ki, son illər oynadığım rolların hamısı psixoloji, gərgin obrazlardır. Bu əsərdən əvvəl "Xəcalət" və "Kaş araba aşmayaydı" tamaşalarında rollar oynamışam. Bu cür əsərlərdə daima gərginlik keçirirsən, tamaşaçı da gərginlik içində qalır. İnsanın bütün orqanları yorulur. Tamaşaçı nəfəsini çəkə bilmir. Düzdür, bu cür tamaşalar teatrımıza uyğundur. Mən çoxdandır ki, belə düşündürən, faciəvi bir rol oynamaq istəyirdim. İndi isə artıq komediya oynamaq istəyirəm. Ancaq yalandan, şit sözlərlə güldürən komediya yox. Elə komediya olsun ki, mən gülməyim, amma mənə qulaq asan gülsün.
- Tutaq ki, sizə arzuladığınız komedik rol verilsə, bu sizi nədən xilas edəcək? Təkcə arzunuza çatacaqsınız, yoxsa əhval-ruhiyyənizə də təsiri olacaq?
- Komediyada oynamaq da çətindir. Ancaq komedik tamaşalarda insanda tamam başqa əhval-ruhiyyə yaranır. Komediyada ruhən gəncləşirsən, əhval-ruhiyyən də cavanlaşır. Mən belə tamaşalarda sanki səhnədə uçuram.
- Hidayət Orucovun "Bu dünyanın adamları" tamaşasında oynadığınız Səkinə rolu digər obrazlarınızdan tamamilə fərqlənən bir roldur. Kəskin psixoloji rolları oynayan bir aktrisa üçün belə bir obrazı oynamaq çətin olmadı ki?
- Mənim daxilimdə iki "mən" var. Təbiətən qapalı, çətin ünsiyyət yaradanam. Amma biri ilə açılışdımsa, onunla necə lazımdırsa, deyib gülərəm. Məclislərə düşəndə çox sıxılıram, ünsiyyət tapa bilmirəm. Adam ümumiyyətlə, faciəvi bir şey oynayanda istəyir ki, ürəyinin açılması üçün komediya da oynasın. Faciənin də, komediyanın da öz yeri var. Mən onun damarını tapmışam. Səkinə obrazı balaca bir rol idi. Ancaq onu o qədər bəzədim ki... Ümumiyyətlə, o tamaşada hər şey ekspromt baş verir. Hər dəfə o tamaşa elə bil təzədən oynanır. Səyavuş Aslanla Yaşar Nuri hər dəfə mənə ssenaridə olmayan bir söz atırlar. Mən də çalışıb onların cavabını verirəm. Ümumiyyətlə, oynadığım bütün tamaşalarda gözəl aktyor ansamblı var.
- Təxminən 18 il bundan əvvəl ilk dəfə qapısını qorxa-qorxa açdığınız bu teatrda debütünüzün uğuru yenə də sizi izləyirmi?
- Bu teatra gələn kimi mənimçün çox uğurlu oldu. İlk dəfə Lütfi Məmmədbəyovun "İnanmırsansa" televiziya tamaşasında Ramiz Məlikov və İlham Əsgərovla birlikdə baş rola çəkildim. Eyni zamanda Eldar Quliyevin "Gümüş göl əfsanəsi" filmində rol aldım. Teatrda da Məlik Dadaşovun rejissor olduğu "Nişanlı qız"da Qəmər, Ağakişi Kazımovun "Vaqif" tamaşasında Gülnarı oynadım. Elə bu vaxtlar şəxsi həyatımda dəyişiklik oldu, nişanlanıb ailə qurdum. Ələtdə yaşadığım üçün teatra gedib-gəlməyim çətin olurdu. Ona görə bir müddət sənətdən uzaqlaşdım. Uşaqlarım dünyaya gəldiyi üçün düz 10 il sənətdə fasilə verdim. Onu da deyim ki, teatrdan ayrı düşdüyüm vaxtlarda baxış tamaşalara baxmağa gəlirdim. Arada tamaşalarda da oynayırdım. Mən Həsən müəllimin dəvəti ilə yenidən sənətə qayıtdım.
- Teatrda sizə arxa duran tapıldımı? Yoxsa elə fakturanız, istedadınız dayağınız oldu?
- Açığını deyim ki, mən bu teatrda ancaq özümə arxalanmışam. Elə fəxri ada da halallıqla layiq görülmüşəm. Kimsə mənə dayaq olmayıb. İstər həyatda, istərsə də sənətdə nə qazanmışamsa, öz zəhmətimin sayəsində olub. İnstitutu da qırmızı diplomla qurtarmışam. Teatra gələndə bilirdim ki, yavaş-yavaş özümə yer edəcəyəm.
- Təcrübəniz nə göstərdi? Təkbaşına irəli getmək çoxmu çətin idi?
- Sənətdə istedadınla irəli gedəcəksən. Nə qədər mane olsalar, istedadının üstünü bağlasalar da, üzə çıxacaqsan. Ancaq təkan yaxşı şeydir. Arxanda kiminsə himayəsini hiss eləmək yaxşıdır. Məndə özünü gözə soxmaq da yoxdur. Nəyinsə xatirinə abır-həyamı ayaq altına qoymaq və s. kimi xüsusiyyətlər mənə yaddır. Növbəmi gözləyərəm, nə olar olar. Hərdən mənə verilən rollar kiçik olur, ancaq onu elə oynayıram ki, nəsə yadda qalır.
- Deyə bilərsinizmi, sənətə fasilə verdiyiniz on il müddətində itirdiyiniz nə oldu?
- Çox şey... illərim getdi. Arzuladığım rolları oynaya bilmədim. Məndə olan sənət yanğısı, sənətə fədailik söndü.
- Səhnəyə çıxmadığınız vaxtlar həyat yoldaşınız hardasa istedadınızı boğduğu üçün təəssüflənmədimi? Buna görə onu qınamadınızmı?
- O, sənəti başa düşən adamdır. Mənə heç bir söz demədi. 90-cı illərin siyasi məsələləri, çaxnaşmalar ortaya düşdüyü ərəfədə sənətə də qiymət verilmədi. Aləm bir-birinə qarışdı. O da mənə dedi ki, onsuz da indi sənətə qiymət verən yoxdur, otur evində, uşaqlarını tərbiyə elə. Sənin sənətin bu uşaqların tərbiyəsidir. Yaxşı, tərbiyəli olarlar, bu da sənin bir əsərin olar. Uşaqları tapşırmaq üçün bir adam da yox idi. Sonra gördü ki, özüm də sıxılıram. Bütün diqqətim televizorda idi. Hər gün maraqlanırdım ki, görəsən, teatrda nə hazırlayırlar? Ona görə yenidən sənətə qayıtdım.
- Qayıdanda yenədəmi həmənki teatr idi, yoxsa çoxlu dəyişikliklə qarşılaşdınız?
- Qayıdanda teatrda əvvəllər gördüyüm ab-havanı, tamaşaları görmədim. Düzdür, indi də ab-hava var. Ancaq indi bu, dövrdən, şəraitdən asılıdır. Mən teatra təzə gələndə, artıq "İblis" tamaşası gedirdi. Mən o tamaşaya baxanda bütün aktyor heyətini kütləvi səhnələrdə görürdüm. Hamı kütləvi səhnəyə çıxırdı. İndi dünən teatra gələn aktyor kütləvi səhnəyə çıxmaq istəmir. Mən teatra gələndə Mərahim Fərzəlibəyov "Atabəylər" tamaşasını hazırlamışdı. Mən o tamaşaya sonradan daxil edildim. Səidə Quliyeva, Zemfira Nərimanova, Zöhrə Şirinova, Lalə Bağırova və mən şərab paylayan qızları oynayırdıq. Demirdik ki, biz böyük iddialardayıq. İndikilər belə deyil, teatrda kütləvi səhnəli tamaşaları qoymaq olmur. Çünki aktyorlar, aktrisalar gəlmirlər. Əlbəttə, onlar hardasa düz edirlər. Bunu mən də öz həyat, sənət təcrübəmdən keçirmişəm ki, əgər indi 17 yaşında cavan qız rolunu və ya "qeroinya" oynamasam, nə vaxt oynayacağam? Mən də gələndə fikirləşirdim ki, bu rolu oynaya bilərəm. 17 yaşında qızı 40 yaşında aktrisa oynayır, axı mən bu rolu ondan da yaxşı oynaya bilərdim. Xarici görünüşüm, gəncliyim, qıvraqlığım, danışıq mədəniyyətim - hamısı buna yol verirdi. Ancaq onun titulları vardı - o, 40 yaşında bu rolu oynamalıydı. Mən kənardan baxırdım. Ona görə də indiki gənc qız və oğlanlara bəraət qazandırıram. Əgər 17 yaşında qız və ya oğlan rolunu yaşlı aktyorlar və aktrisalar oynayırsa, bəs cavanlar nə vaxt oynayacaqlar? Bizdə "qeroinya" ömrü boyu "qeroinya" oynamalıdır. Buna, elə bil, möhür vurulub. Əgər ona desən ki, kütləvi səhnəyə çıx, deyər ki, mən Əməkdar və ya Xalq artistiyəm, niyə kütləvi səhnədə oynamalıyam? Ona görə də tamaşalar hamısı yığcamdır. Bizim gözəl dramaturgiyamız, klassikamız var. Kütləvi səhnəli gözəl tamaşalarımız var. Eləcə də sanballı xarici dramaturgiya var. Biz onların hamısını qoya bilərik. Zövqlü, zəmanə ilə ayaqlaşan tamaşanın olmağını kim istəməz ki? Ancaq nəyinsə, kiminsə xətrinə qoyulan tamaşalar uzun ömürlü olmur. Tamaşaçı bir dəfə gəlir, tamaşa beş dəfə təşkil olunur və s. Ancaq klassika klassikadır. Hara da getsək, bu bizimçün böyük şərəfdir. Qoy teatrın repertuarı bol olsun. Biz də oturub gözləməyək. Axı sənət ömrümüzdən gedir. Biz qocalırıq, yaşa doluruq. Mən indi Əməkdar aktrisayam. Məni maaşım maraqlandırmır. Teatrın mənə nə qədər əməkhaqqı verməsi gözümə görünmür. Bu sənətdə mənə nə veriləcək və ya verilməyəcəksə, bu da məni maraqlandırmır. Mən arzuladığım rolları oynamaq istəyirəm. Çünki fədailik var. Hər dəfə deyirlər ki, teatr məbəddir, teatr məhəbbətdir. Amma mən deyərdim ki, teatr bataqlıqdır, düşdünmü, çıxa bilmirsən, çəkir səni. Bəzən "Teatrda onsuz da bir şey yoxdur, tamaşaçının səviyyəsi də əvvəlki deyil" və s. kimi sözlər deyirlər. Ancaq istəməzdim ki, biz tamaşaçının səviyyəsinə enək. İstərdim, elə tamaşalar qoyaq ki, tamaşaçını öz tərəfimizə çəkək. Elə tamaşalar qoyulmalıdır ki, tamaşaçı növbəyə düzülsün.
Təranə