ATV-nin "Qızıl mikrofon"u kimin olacaq?
"Azad Azərbaycan" teleradio şirkətinin anonslarından bəlli olduğu kimi, efir izləyiciləri tezliklə "N1 - İlin müğənnisi" adlı şou-layihəyə tamaşa edəcəklər. 106.3 Fm-in efir direktoru Emin Musəvinin hazırladığı proqram şou-biznes nümayəndələrini bir ailə kimi birləşdirəcək. Onların bir-birinə münasibətləri, iç dünyaları, insani keyfiyyətləri tamaşaçıların gözü qarşısından keçəcək. Eyni zamanda birinciliyə iddialı olan müğənnilərin kateqoriyalarını bu dəfə özləri deyil, tamaşaçılar müəyyən edəcək.
Emin Musəvi bizimlə söhbətində vurğuladı ki, 7 məşhur kişi və 7 qadın müğənninin təmsil olunduğu layihə tezliklə efir həyatına başlayır. Layihənin məqsədi hər efir günü iki müğənnini duelə çıxarmaqdan ibarətdir. Onların şəxsi həyatı, yaradıcılıq prosesləri müzakirə olunacaq, eyni zamanda sənətçilərin mahnıları dinləniləcək. Efirin sonunda tamaşaçı SMS-ləri kimin birinci olduğunu müəyyən edəcək və müğənniyə özü ilə bir sənətçini növbəti mərhələyə aparmaq şansı veriləcək. Layihəni fərqləndirən məqamlardan biri onun tele-studiyada, canlı efirdə yayımı ilə bağlıdır. Emin Musəvinin əlavəsinə görə, layihə həm də tok-şou xarakteri daşıyacaq və burada tamaşaçılarla yanaşı, KİV nümayəndələri də səhnədə baş verənləri studiyadan izləyəcəklər. Burada tamaşaçıların aktivliyi nəzərdə alınacaq. Yəni iki düşərgəyə ayrılacaq şounun izləyiciləri iştirakçı barədə pis, yaxud yaxşı rəy formalaşdıracaqlar. Efir əməkdaşının məlumatına görə, layihədə müğənninin məşhurluğu bir o qədər rol oynamayacaq. Tamaşaçı SMS-ləri hətta ən məşhur simanı layihədən çox asanlıqla uzaqlaşdıra bilər. İştirakçının aktivliyi burada xüsusi rol oynayacaq.
Layihə qalibinin hədiyyəsi üzərində bir neçə versiyada düşünülsə də, təşkilat komitəsi ənənəvi təqdimatlardan bir az kənara çıxmaq istəyib. Öyrəndik ki, əvvəlcə avtomobil, yaxud pul mükafatı üzərində düşünən təşkilatçılar sonda maraqlı ideya üzərində dayanıblar. Bu, minimum 35 sm hündürlüyündə qızıldan mikrofon fiquru olacaq. Hazırda bahalı əşya hazırlıq prosesindədir. Eyni zamanda "Azad Azərbaycan"ın həyətində ulduzlar alleyası salınacaq və ora qalibin şəkli həkk olunacaq: "Müğənnilər arasında həmişə kateqoriya mübahisəsi olub. Heç kim özünü 5-ci, yaxud 6-cı görmək istəmir. Sözügedən layihə tamaşaçılar vasitəsi ilə onlara öz yerlərini göstərəcək. Köhnə deyimlə "yaxşı ifaçını xalq müəyyənləşdirir" şüarını burada bir daha göstərməyə çalışacağıq".
Qeyd edək ki, 4 aya yaxın vaxtı əhatə edəcək "N1 - İlin müğənnisi" layihəsinin iştirakçı siyahısı artıq tamamlanmaq üzrədir. Emin Musəvinin məlumatına görə, cümə günləri yayımı nəzərdə tutulan telelayihədə kişi müğənnilərdən Eyyub Yaqubov, Nadir Qafarzadə, İzzət Bağırov, Elnur, qadın müğənnilərdən isə İradə İbrahimova, Aygün Kazımova, Rəqsanə, Xatirə və başqaları iştirak edəcəklər.