"Qulağım səsdə, gözüm qapıda qalır"
Vaxtilə milli rəqqasələrin şahzadəsi titulunu verdiyimiz Əminə Dilbazi bu gün nə rəqsdən danışır, nə də rəqqasələrdən. Ömrünün son akkordlarının ritmini dinləyən rəqqasə xanım artıq şahlıq hökmünün heç bir işə yaramadığını dilə gətirdi. Dörd divar araxasında, həyat yoldaşı Cövdət Hacıyevin fotoları ilə başbaşa qalan Əminə xanım "artıq taleyin acı oyununu oynayıram" deyir. İndi onu alqışlayan nə yüzlərlə tamaşaçısı var, nə də ətrafında süzən nazənin qızlar. Bir sözlə, Xalq artisti Əminə Dilbazi meydanda tək qalıb. Rəqqasə qəzetimizə müsahibəsində tənhalığının düşüncələrini bizimlə bölüşdü:
- Oturduğumuz bu otağı muzeyə çevirmişəm. Yəni sağlığımda özümün muzeyimi yaratmışam ki, hərdən keçmişimlə baş-başa qalıb, darıxmayım. Ağlıma gətirməzdim ki, insan yaşlananda təklənər, bu qədər darıxar. Çox darıxıram. Amma bilmirəm nə üçün darıxıram. Hərdən həyatımı bölüşdüyüm Cövdət Hacıyevin divardan mənə boylanan şəkillərinə baxır və düşünürəm. Düşünürəm ki, insan nəyə lazımdır? Əgər mən səhnəyə, sənətə lazım deyiləmsə, unudulmalıyam? Məni səhv başa düşməyin. Bu sözləri maddiyyat üçün söyləmirəm. Mənim pula ehtiyacım yoxdur. Axı pulu neyləyəcəm? Mənim diqqətə, qayğıya ehtiyacım var. Bunu düşündükcə ürəyim sıxılır. Adi günləri birtəhər keçirirəm. Amma bayram günləri gələndə ürəyimin ritmi artır, təzyiqim sözümə baxmır. Qulağım səsdə, gözüm qapıda qalır. Bayram günü kimin yadına düşəcəm, bu haqda düşünürəm. Lakin bunlar heç nəyi həll etmir. Heç kim bayramımı təbrik edəcək qədər diqqətli olmur. Hətta, xoş sözləri məndən əsirgəyirlər. Hərdən özüm-özümə deyirəm: bəlkə məni ölmüş bilirlər. Axı heç yanda səsim gəlmir, adım çəkilmir. Düşünürlər ölmüşəm, ona görə yada düşmürəm.
- Vaxtilə ekranlardan düşməyən, rəqqasələrin sevimli müəllimi olan Əminə xanımı yetirmələri də unudub?
- Ad günüm yetişəndə tələbələrim tort, şirniyyat əllərində evimdə olurdular. Artıq buna adət etmişdim. Diqqətləri həmişə üzərimdə olub. Amma zaman keçdi, mən tamamilə səhnədən, məktəbdən ayrıldım. Yaşlandığım üçün bunları yerinə yetirə bilmirdim. Elə o vaxtdan bəri təklənməyə başladım.
- Gəzintiyə çıxıb, fikrinizi dağıtmaq istəmirsiniz?
- Necə çıxım? Bir neçə gün əvvəl yıxılıb ayağımı əzmişəm. Ümumiyyətlə, hərəkətlərimdə problem var. Tək yeriyə bilmirəm. Ayaqlarım sözümə baxmırdı, yıxılandan sonra vəziyyət daha da gərginləşib.
- Gileyiniz daha kimlərədir?
- Mən sözümü deyirəm, kim istəyir payını götürsün. Əgər qapımı heç kim açmırsa, kimi tərifləyə bilərəm. Sənətdən söz düşəndə filan-filan rəqs nümunələrinin tarixindən danışırlar. Amma fikirləşmirlər, onların yaranmasında, inkişafında Əminə Dilbazinin rolu az olmayıb. Düzdür, Xalq artisti fəxri adını almışam, "İstiqlal" ordeni ilə təltif olunmuşam. 20-dən çox ölkədə Azərbaycan rəqslərini nümayiş etdirmişəm. Yüzlərlə tələbə yetişdirən bu şəxsiyyət necə olur unudulur? Çox təəssüflə qeyd etmək istəyirəm ki, sənətkar dünyasını dəyişəndə onun haqqında ağızdolusu danışırlar - sənətdə böyük töhfələri olan, misilsiz xidmətlər göstərən filankəs. Mənim haqqımda da bu cür danışacaqlarına inanıram. Amma bu gün kiminsə qapımı döyəcəyinə artıq inamım qalmayıb. Axı Əminə Dilbazi bir də dünyaya gəlməyəcək. Onun qədrini bilmək lazımdır.
- Maddi durumunuz necədir? Dediniz sıxıntınız yoxdur.
- Etiraf edim ki, maddi cəhətdən ehtiyacım yoxdur. Prezident təqaüdü alıram. Bu mənə bəs edir. Arabir dərmanlar qəbul edirəm. Bu da təbiidir. Yaşlanmışamsa, səhhətimdə problemlərin olması normaldır. Amma yalandan deyim maddi sıxıntılar keçirirəm, bunu adıma sığışdırmaram. Cavanlığımda səhnəyə çıxırdım və həmişə pula ehtiyacım olub, yaxşı da qazanmışam. Amma indi sənətdən uzaq olduğum üçün tələbatım da yoxdur.
- Hansı dövrlər üçün daha çox darıxırsınız?
- 30 il səhnədə rəqs etmişəm. Hindistanda mənə "Şiva rəqqasə" adı veriblər. Bu ad orada çox önəm daşıyıb və həmin sənətkarın yeri yüksəkdə olur. Əgər bu yaşımda orada olsaydım, yenə şahzadə kimi yaşayardım. Hərdən oyunlarımı xatırlayıram. Rəqs oyunları arasında ən çox sevdiyim "Turacı" olub. Bu oyun mənim üçün bir başqa idi. Özümü başqa aləmdə hiss edirdim. Bütün uğurlarımı əziyyətlərim hesabına qazanmışam. Gecələri yatmırdım, məşqlərimi tamamlayır, səhər açılan kimi onu tələbələrimlə bölüşürdüm. Çox məsuliyyətli olmuşam. Əgər vaxtlı-vaxtında işimi yerinə yetirməsəydim, kim idi mənə Xalq artisti adını verən. Heç bu zirvəyə çata bilməzdim. Ona görə də indiki vəziyyətim məni məyus edir.
- Bir neçə cümlə ilə milli rəqs sənətinin bugünkü dövrünü necə xarakterizə etdiyinizi öyrənmək istəyirəm.
- Mən bu barədə çoxdandır ki, danışmaq istəmirəm. Çünki demokratiya çoxlarının əlinə fürsət verib. Bu gün milli geyimlə səhnəyə çıxan sabah göbəyini, ətəyini açır. Belə halları sənətə yaraşdırmıram. Mənim deməyimlə heç nə dəyişən deyil. Ona görə də susuram.