Müstəqil Içtimai-Siyasi Qəzet
22 May 2012-cı il N 48(4504)
Ana səhifə
RƏSMİ
Gündəm
Xəbər
Siyasət
İqtisadiyyat
Dünya
Aktual
Kriminal
Maraq dairəsi
Mədəniyyət
ARXİV    May
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
BİZƏ YAZIN
Qəzet
Baş redaktor
İnformasiya şöbəsi
Siyasət şöbəsi
İdman şöbəsi
İqtisadiyyat şöbəsi
Mədəniyyət şöbəsi
Sosial şöbəsi

 

LİNKLƏR
AzTV
LiderTV
LiderFM
525ci qazet
Zerkalo
Ayna
Uc noqta
Hafta içi
SAYĞAC
 
ÜNVAN

© Mövqe qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı movqe.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Mövqe" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

Azərbaycan Xalq Cümhuriyyəti - 90
İkinci yazı
   
   Müstəqil Zaqafqaziya Federativ Demokratik Respublikasının yaradılması, belə demək mümkünsə, Cənubi Qafqazın müstəqilliyinin elan olunması Azərbaycanın vəziyyətində müsbət dəyişiklik yaratmadı. Belə ki, Azərbaycanın şərqində bolşevik qurumu, qərbində isə erməni hərbi birləşmələri yerli əhalini qırmaqla məşğul idilər. Buna görə də Azərbaycan nümayəndə heyəti Batum sülh konfransına böyük ümidlə baxırdı. Çünki onlar başa düşürdülər ki, yalnız Osmanlı qüvvələrinin köməyi ilə Bakını bolşevik qüvvələrindən azad etmək, ermənilərin Azərbaycan əhalisinə qarşı qırğınlarını dayandırmaq mümkündür.
   Konfransa yola düşməzdən əvvəl müsəlman fraksiyasının üzvü Nəsib bəy Yusifbəylinin söylədiyi nitq Azərbaycanın düşdüyü çətin şəraitə verdiyi obyektiv qiymət idi. O deyirdi: "Bizim bu gücsüz halımızda xarici köməyə müraciət etməkdən başqa çarəmiz yoxdur. Müstəqilliyimizin ən qəti müdafiəçisi olmağıma baxmayaraq, indiki halda biz sevinməliyik ki, buraya gələcək qüvvə bizə dost və qardaş Türkiyədir. Ola bilsin, bu qonşularımızın xoşuna gəlməsin, amma başqa çıxış yolumuz yoxdur... Xətir üçün xəstə düşə bilmərik. Bununla belə, heç vaxt azad Azərbaycanın müstəqil yaşaması fikrini yaddan çıxarmağa haqqımız yoxdur".
   1918-ci il mayın 25-də Zaqafqaziya seyminin müsəlman fraksiyasının iclası keçirildi. İclasda Cənubi Qafqazda siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar rəsmi bəyanatda deyilirdi ki, seymin gürcü fraksiyası Batumda gizli danışıqlar aparır və Gürcüstanın müstəqilliyini elan etməyə hazırlaşır. Mayın 25-də Fətəli xan Xoyskinin sədrlyi ilə seymin müsəlman fraksiyasının axşam iclası keçirildi. Seymin sədri və gürcü fraksiyasının üzvləri iclasa gələrək elan etdilər ki, seymin sabahkı iclasında Zaqafqaziya respublikasının ləğv olunması faktını təsdiq edəcəklər. Azərbaycanda yaranmış çətin vəziyyət milli - demokratik qüvvələri seymdə azlıqda qalıb hadisələrin gedişini seyr etməkdənsə, qəti addımlar atmağa vadar etdi. Azərbaycan Türkiyəyə böyük ümidlər bəsləyirdi. Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın 29 yaşlı qardaşı Nuru Paşanı 300 nəfər təlimatçısı ilə Azərbaycana köməyə göndərməsi bu yardımın təməlini qoydu.
   Mayın 26-da Zaqafqaziya seyminin sonuncu iclası keçirildi. Gürcü nümayəndələri seymdən çıxıb, Gürcüstanın müstəqilliyini elan etdilər. Fraksiya Zaqafqaziya Respublikasının dağılmasının bütün günahını müsəlman fraksiyasının üzərinə yıxdı. Guya müsəlman fraksiyası türkpərəst mövqe tutduğu üçün gürcülər onlarla bir seymdə fəaliyyət göstərə bilməzlər. Zaqafqaziya seyminin üzvü Səfi bəy Rüstəmbəyov gürcü fraksiyasının gətirdiyi bu arqumentləri qətiyyətlə rədd edib deyirdi: "Hesab edirik ki, Zaqafqaziyanın birgə siyasi mövcudluğunun indiki mürəkkəb və məsuliyyətli anında ayrılmaq üçün tutarlı və obyektiv əsaslar yoxdur və burada gürcü nümayəndələri tərəfindən irəli sürülən amillər az inandırıcıdır".
   Mayın 27-də isə seymin müsəlman fraksiyası yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq fövqəladə iclas çağırdı. Uzun müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Azərbaycan xalqının milli mənlik şüurunun oyandığı, keçmiş milli-müstəmləkəçilik əsarətinin bütün təzahürlərinə son qoymağa çalışdığı bir şəraitdə müstəqil Azərbaycan Respublikası elan etmək tələb olunurdu. Bu, uzun illər boyunca öz milli dövlətini yaratmaq arzusunda olan Azərbaycan xalqının istəyinə uyğun idi. 1918-1920-ci illər Azərbaycan adlı bir məmləkətin tarixinin maraqlı, eyni zamanda mürəkkəb və ziddiyyətli dövrlərindən birini əhatə edir. Təbii ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini elan etməsi Azərbaycan xalqının tarixində və taleyində çox böyük bir hadisə idi.
   Ümummilli liderimiz Heydər Əliyev deyirdi: "Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycan istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti Hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir".
   1918-ci il mayın 28-də Tiflisdə müstəqillik elan olundu və hökumət quruldu. Azərbaycan Milli Şurası "İstiqlal bəyannaməsi"ni qəbul etdi. Milli Şuranın 24 səslə qəbul etdiyi bu qərar və altı bənddən ibarət "İstiqlal bəyannaməsi" Azərbaycanın varlığını bütün dünyaya bəyan etdi. Yalnız iki nəfər - Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bu taleyüklü məsələdə bitərəf qaldı. Bu hüquqi və siyasi sənəddə Azərbaycan dövlətinin yarandığı bəyan edilmiş, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirildi, eyni zamanda dövlətin əsas fəaliyyət prinsipləri burada öz əksini tapdı. "İstiqlal bəyannaməsi"ndə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması, vətəndaşların milli və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının severen, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu nümayiş etdirdi. "İstiqlal bəyannaməsi" Azərbaycanın millət-mədəniyyət statusundan tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa - millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi.
   Cümhuriyyətin Azərbaycan tarixində xidmətləri əvəzsizdir. Azərbaycan öz tarixində ilk dəfə bu adla səslənib. Hansı ki, Azərbaycan adı o vaxta qədər yalnız coğrafi məfhum idi. 1918-ci il mayın 28-dən sonra bu ad siyasi məfhuma çevrildi və Azərbaycan adı artıq dövlət kimi çağrılmağa başladı. O zaman Azərbaycan dünya üçün də yeni idi. Bu, bütün müsəlman Şərqində nadir bir hadisə idi.Azərbaycan xalqı müsəlman Şərqinə ilk dəfə olaraq respublika ifadəsini, cümhuriyyət düşüncəsini gətirdi. Baş verən bu hadisə Azərbaycan xalqının bütün müsəlman dünyası qarşısında ən mühüm tarixi xidmətlərindən biri idi. Respublika idarəetmə formasını ilk dəfə olaraq bu ərazidə Azərbaycan xalqı qurdu. Azərbaycan hökumətinin qarşısında duran ən mühüm vəzifələrdən biri hökumətin müvəqqəti paytaxtı olan Gəncəyə gəlməsi idi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı isə müvəqqəti olaraq Gəncə şəhəri seçildi. Eyni zamanda, hökumət Azərbaycanın dünya birliyi tərəfindən tanınmasından ötrü xarici ölkələrə müraciətlər etdi. May ayının 30-da Nazirlər Şurasının sədri Fətəlixan Xoyski dünyanın siyasi mərkəzlərinə radioqramlar ünvanladı: "... Mənim hökumətimin müvəqqəti məskəni Yelizavetpol şəhəridir".
   1918-ci il iyunun 16-da yeni hökumət Gəncəyə köçdü. Yeni hökumətin burada qərar tutması ilə qədim Gəncənin 1804-cü ildən Yelizavetpol olmuş tarixi adı özünə qaytarıldı. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq ömrünün düz, üç ayı Gəncə ilə bağlıdır. Lakin Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar milli qüvvələr arasında mübarizə kəskinləşdi. Milli Şuradan kənarda qalan burjua-mülkədar dairələrinin məhdud dünyagörüşlü mürtəce hissəsi Türkiyənin Azərbaycanda olan ordusunun rəhbəri Nuru Paşanın vasitəsilə Milli Şuranı hakimiyyətdən uzaqlaşdırmağa cəhd etdilər. Bu zaman Qafqaz İslam ordusu komandanlığı ilə milli qüvvələr arasında münasibətlər gərgin şəkil aldı. Mövcud siyasi böhranı aradan qaldırmaq üçün Azərbaycandakı türk qoşunları rəhbərliyi ilə Azərbaycan Milli Şurası arasında güzəştli bir qərar qəbul olundu: Milli Şura buraxılır, ali qanunverici və icraedici hakimiyyət Fətəli xan Xoyski kabinetinin əlində cəmləşir. İyun böhranı nəticəsində fəaliyyətini müvəqqəti olaraq dayandıran Milli Şura öz tarixi missiyasını - Azərbaycanın dövlət müstəqilliyini çox çətin və mürəkkəb bir mərhələdə qoruyub saxlamaq vəzifəsini yerinə yetirdi. İyunun 17-də axşam Gəncədə Fətəli xan Xoyskinin rəhbərlik etdiyi ikinci hökumət təşkil edildi. İyunun 19-da Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə alaraq, hökumət bütün ölkə ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması haqqında fərman verdi.
   Qafqaz - İslam Ordusu vasitəsilə Azərbaycan hökuməti öz hakimiyyətini tezliklə yerlərdə yaya bildi, ucqarlarda dövlət orqanları yaratmağa başladı. Bakı Xalq Komissarları Sovetinə rəhbərlik edənlər Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qoyməq üçün yollar axtarırdılar. Hələ Gəncə üzərinə yürüşə başlamazdan öncə Leninin tapşırığı ilə Şaumyan türk qoşunlarının Azərbaycana yolunu bağlamaq üçün Gürcüstan hökumətinin rəhbəri Jordaniyaya müraciət etdi. Şaumyan Jordaniyaya vəd edirdi ki, əgər Gürcüstan türk qoşunlarını öz ərazisindən Azərbaycana buraxmasa, Sovet Rusiyası onun müstəqilliyini tanıyacaq. İyunun 10-da Bakı Sovetinin Gəncə istiqamətində yürüşləri başlandı. İyunun 12-də Kürdəmiri işğal edən Bakı Soveti qüvvələri Göyçaya yaxınlaşdılar. İki həftədən çox davam edən qanlı döyüşlər Türkiyədən göndərilən əlavə qüvvələrin və Azərbaycan könüllüləri hesabına Qafqaz-İslam Ordusunun qələbəsi ilə nəticələndi. Qafqaz - İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi Azərbaycanın Şərq hissəsini, o cümlədən Bakını bolşevik-daşnak işğalından azad etmək uğrunda apardığı şərəfli mücadilədə dönüş nöqtəsi oldu. Bu döyüşlərdə Bakı Soveti qoşunlarına elə ağır zərbələr vuruldu ki, onlar bir daha özlərinə gələ bilmədilər. Qafqaz-İslam Ordusu bolşevik - daşnak birləşmələrini darmadağın edərək Bakı istiqamətində azadlıq yürüşünə başladı. İyulun 20-də bu istiqamətdə mühüm strateji məntəqə olan Şamaxı şəhəri azad edildi. İyulun sonunda Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verməyə məcbur oldu.
   1918-ci il avqustun 1-də Bakıda eser-menşevik və daşnaklardan ibarət "Sentrokaspi" diktaturası adlanan mürtəce bir qurum yaradıldı. İngilislərin Bakıya çağırılması da "Sentrokaspi" diktaturasını xilas edə bilmədi. Hökumətin qarşısında duran daha bir mühüm və əsas vəzifə isə Azərbaycanın tarixi, mədəni, siyasi, ideoloji, beyin mərkəzi və beyin paytaxtı olan Bakını yadelli qüvvələrdən azad etməkdən ibarət idi. Qafqaz-İslam Ordusu sentyabrın 15-də Bakı üzərinə həlledici hücüma başladı. Şəhər böyük müqavimət hesabına alındı və Azərbaycan hökuməti sentyabrın 17-də Bakıya köçdü. 1918-ci il mayın 28-dən sonrakı dövrdə Azərbaycanın həyatında ikinci mühüm hadisə baş verdi. Bakı azad edildi və Azərbaycan hökuməti tam heyətdə əsl tarixi paytaxtda qərar tutdu. Azərbaycan torpaqlarının azad olunmasında Qafqaz İslam Ordusu böyük qurbanlar verdi. Türkiyə ilə Antanta dövlətləri arasında 1918-ci il 30 oktyabr tarixli Mudros müqaviləsinə görə məğlub sayılan Osmanlı qüvvələri Bakını tərk etməli, Antanta qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı, Zaqafqaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi. İranın Ənzəli limanında yerləşən ingilis hərbi hissələri müttəfiqlər adından Bakını tutmalı idi. Ənzəliyə danışıqlar aparmaq üçün gələn Azərbaycan nümayəndə heyəti ingilis hərbi hissələrinin komandanı general Tomsona Azərbaycan ərazisinə daxil olmazdan öncə Azərbaycan Xalq Cümhuriyyətini tanımaq haqqında bəyanat verməsini təklif etdi.
   
   (Davamı var)
   
   
   
   
A.Mənsumə
Hava
Məzənnə
 
Copyright © 2007-2010 Mövqe qəzeti
Site by azDesign.ws