
"Min bir gecə" serialının qəhrəmanlarının Bakıya gəlişi bu yay baş tutmalı idi. Onlarla telefon danışığı zamanı təklifə etiraz etməmişdilər. Lakin sonradan Şəhrizad rolunun iştirakçısı Bergüzar xanım yay istirahətini Amerikada seçdiyi üçün planlarda dəyişiklik oldu. Artıq serialın növbəti bölümünün çəkilişləri başlayıb və səfərdən söhbət gedə bilməz". Bu sözləri qəzetimizə aktyorları qızının istəyi ilə Bakıya dəvət edən müğənni Aybəniz Haşımova deyib.
Onun sözlərinə görə, aktyorlara verilən istirahət günlərinin birində onlarla aktrisa Məlahət Abbasovanın təşəbbüsü ilə yenidən telefon bağlantısı yaradılacaq. Əgər razılıq əldə olunsa, hər iki aktyorun Bakı səfəri payız aylarında reallaşa bilər.
Aybəniz xanım türkiyəli aktyorlarla yerli mətbuat işçilərini də bir araya gətirmək istəyir. Əgər onların razılığı olarsa, görüş səfərin növbəti gününə təsadüf edəcək. Əslən Gəncədən olan Aybəniz Haşımova söhbəti zamanı Qarabağ niskilindən danışan şeir yazdığını bildirdi. Sətirlərin çoxdan bəri beynində dolaşdığını deyən müğənni onları bu günlərdə ağ kağıza köçürüb. Onun sözlərinə görə, "Qarabağ balladası" adlanan şeirə müğənni-bəstəkar Ramal Yaquboğlu tərəfindən musiqi yazılıb: "Hazırda yerli səsyazma studiyalarının birində albom hazırlanır. Təklifi studiya rəhbərliyindən almışam. Topluda 15 mahnım işıq üzü görəcək. Həmin təklifdən sonra mahnını hazırlayıb alboma daxil etmək istədim. Kollektivin təşəbbüsü ilə albom "Ömür nəğmələrim" adlandırılacaq".
Müğənninin əlavəsinə görə, alboma onun ifasında vaxtilə məşhur olan bir neçə mahnı yenilənmiş variantda daxil ediləcək. Toplunun 3 aydan sonra işıq üzü görəcəyi bildirilir.