
Xalq artisti Nazpəri Dostəliyeva son aylar tənbəlləşdiyini etiraf etdi. Bir sıra yaradıcılıq planlarına başlasa da, onları yarımçıq qoyan müğənni, nəhayət, bu qənaətə gəlib ki, onda tənbəllik elementləri baş qaldırıb. Hər hansı hadisənin təsiri altına düşmədiyini vurğulayan müğənni bunun səbəblərini başqa məqamlarda axtarmağa çalışdı: "Mənə elə gəlir ki, yayın bərk istilərinin təsiri nəticəsində bu vəziyyət yaranıb. Əslində, bu cür təbiətə xas insan olmamışam. Əgər planlaşdırdığım iş bu gün üçün nəzərdə tutulubsa, onu mütləq yerinə yetirməli idim. Amma son aylar xarakterim bir qədər dəyişib. Günü-günə satıram. Amma bu gedişlə bir çox vədlərim havadan asılı qalacaq".
Özündə güc toplamağa çalışan müğənni öncə yarımçıq qalan albomunu tamamlayacağını bildirdi. Onun sözlərinə görə, yeni toplunu köhnələrdən fərqləndirən bir sıra cəhətləri var. Belə ki, albomda nəzərdə tutulan mahnılar yalnız aşıq musiqilərindən ibarət olacaq: "Atam aşıq olub və ondan mənə keçən aşıqlıq istedadı var. Bir vaxtlar repertuara aşıq Alının sözlərinə yazılmış maraqlı kompozisiyanı daxil etdim və bu mənə uğur gətirdi. Uzun fasilədən sonra silsilə aşıq havaları yazdırmaq qərarına gəldim. Artıq 2 mahnı yazılıb və digərləri studiya həllini gözləyir. Qəti qərara gəlmişəm ki, bu həftədən etibarən onların studiya yazılışını başa çatdırım". Nazpəri xanımın əlavəsinə görə, albomda onun əksini göstərən şəkillər də mahnıların tərzi ilə uyğunluq təşkil edəcək. Müğənni toplunu payız aylarında təqdim etməyi düşünür.