
Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri seçilən Zəlimxan Yaqub konkret tələblərlə çıxış edib. O düşünür ki, cəmiyyət teleseriallara, mənasız verilişlərə aludə olub və milli dəyərlərini unutmağa başlayır. Milli dəyərlərin bir qolunu təşkil edən aşıq yaradıcılığını dolğunlaşdırmaq məqsədi ilə qurum rəhbəri yeni tələblərlə çıxış edib. Zəlimxan Yaqubun fikrincə, folklorumuzun qorunmasında həmin tələblər xüsusi rol oynayacaq: "İstəyimiz bundan ibarətdir ki, Aşıqlar Birliyinin iritutumlu yaradıcılıq binası olsun. Eyni zamanda konsert vermək üçün salona, kitabxanaya və tarixi muzeyə böyük ehtiyac var. Dövlətə bunların həyata keçirilməsi istiqamətində müraciət etməyi düşünürük. Ona görə ki, insanlara milli dəyərlərin aşılanması üçün çalışmalı və bunlara nail olmalıyıq".
Aşıq sənətinin təbliğinin son illərdə ürəkaçan olmadığını dilə gətirən qurumun səlahiyyətlisi konsepsiya xarakterli proqram hazırlamağı düşünür. Eyni zamanda bura aşıqlara məxsus standart geyimlərin tikilməsi də qurum sədrinin planlarına daxildir: "Bir müddətdən sonra aşıqların geyimini eyni formalı tikililər təşkil edəcək. Yəni küçədə, tədbirlərdə onları müxtəlif yox, eyni, yəni üzvü olduqları qurumun təşkil etdiyi geyimlərdə görə biləcəksiniz".
Söhbəti zamanı Xalq şairi aşıq sənətinə müxtəlif ölkələrdə olan diqqətdən danışdı. Amma o, təəssüflə qeyd etdi ki, bu təbliğatı azərbaycanlılar deyil, ermənilər aparırlar: "Almaniyada keçirdiyim əməliyyatdan bir neçə gün sonra dostlarımın təkidi ilə Münhen şəhərində gəzintiyə çıxdıq. Bir neçə dəqiqədən sonra mərkəzi küçədə aşıq dükanına rast gəldim. Özümdən biixtiyar yüksək səslə bunu ifadə etməyə başladım və dükana doğru addımladım. Dostlarım tez qolumdan yapışıb məni yolumdan saxladılar. Bildirdilər ki, həmin dükan azərbaycanlılara deyil, ermənilərə məxsusdur. Onlar saz alətlərini, aşıq geyimlərini və sənətə məxsus bir sıra əşyaları ermənilərin adı altında satışa çıxarıblar. Bu hadisə səhhətimi daha da pisləşdirdi. Dəhşətə gəldim ki, Azərbaycanın folklor sənəti vətəndaşlarının təbliğatsızlığı nəticəsində mənfurların adları ilə tanınır".
Azərbaycan ərazisində fəaliyyətdə olan saz dükanlarının da vəziyyətini qənaətbəxş hesab etməyən Aşıqlar Birliyinin sədri bu istiqamətdə tövsiyələrini verdi: "Dükanlara daxil olursan, darısqallıq, şəraitsizlik adamı məyus edir. Bura turistlər, xarici iş adamları gəlirlər. Sazbəndlər onlara rahat şəraitdə xidmət göstərə bilmirlər. Dükanların vəziyyəti alıcının diqqətini ora cəlb etmir. Bu barədə də düşünməyin vaxtı yetişib".
Zəlimxan Yaqub söhbətinin sonunda tövsiyələrini aşıqlara doğru yönəltdi. Aşıqların xalq yaradıcılığından lazımınca bəhrələnmədiyini deyən Xalq şairi onları mütaliəyə çağırdı: "Hərə öz sözü ilə çıxış etmək istəyir. Amma bu, hər bir kəsdə uğurlu alınmır. Onlara tövsiyə edərdim ki, əvvəlcə ədəbiyyatdan, ulu ustadlarımızın yaradıcılığından bəhrələnsinlər. Əgər yazmağı bacarırlarsa, öz sözlərinə oxusunlar. Əks təqdirdə sənəti ucuzlaşdırmasınlar".