
Dünən Bakı Əl Oyunları Sarayında Azərbaycan Qadınlarının III Qurultayı öz işinə keçirildi. Qurultaya ölkənin bütün bölgələrindən ümumilikdə 1600-dən çox nümayəndə qatılıb. Tədbirdə qonaq qismində Misirin I xanımı Suzan Mübarək, Türkiyənin Qadın və Ailə Məsələləri üzrə dövlət naziri Nimet Çubukçu, ABŞ-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Litva Respublikasının Müdafiə Nazirliyinin dövlət katibi Jurate Raquçiene, İordaniyanın Qadın Məsələləri üzrə Milli Komitəsinin baş katibi Əsma Xader, Rusiya Federasiya Şurasının sədr müavini Svetlana Orlova iştirak ediblər. Qurultayı açılış nitqi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açıb. Komitə sədri qurultayda 1620 nümayəndənin qeydiyyatdan keçdiyini bildirib. Prezident Aparatının humanitar məsələlər üzrə şöbəsinin müdiri Fatma Abdullazadə isə Azərbaycan prezidenti İlham Əliyevin qurultaya ünvanladığı təbrik məktubunu oxuyub.
Daha sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva qurultay iştirakçılarını təbrik edib. M.Əliyeva Azərbaycanda qadın adının həmişə müqəddəs sayıldığını diqqətə çatdırıb. Bildirib ki, tarixə nəzər salanda Azərbaycan qadınının çox mürəkkəb və şərəfli bir yol keçdiyini görmək olar. Bu gün Azərbaycanın dövlət qurumlarında çalışanların təxminən 40 faizini qadınların təşkil etdiyini qeyd edən M.Əliyeva Milli Məclisdə 14 qadın deputatın olduğunu vurğulayıb. Qarabağ probleminin tezliklə həll olunacağına da ümidvar olduğunu bildirən M.Əliyeva şəhid analarına müraciət edərək, oğullarının ruhlarının əbədi yaşadığını söyləyib. M.Əliyeva respublikamızda qadın hüquqlarının qorunması və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində atılan addımların yüksək dəyərləndirilməli olduğunu qeyd edib.
Sonra qurultayda "Azərbaycanda dövlət və qadın siyasəti" filmi nümayiş etdirilib. Qeyd edək ki, qurultayda Azərbaycanda qadın hərəkatının bugünkü vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda fikir mübadiləsi aparılıb, çıxışlar dinlənilib. Bir gün davam edən qurultayın sonunda Azərbaycan prezidentinə və beynəlxalq təşkilatlara müraciət edilib, yekun qətnamə qəbul olunub.