Bəzi problemlərin həlli bələdiyyələrin imkanı xaricindədir
Bələdiyyə torpaqlarının hərrac və ya müsabiqə yolu ilə satılması qaydalarını tənzimləyən əsasnamənin hazırlanması prosesinin başa çatdığı bildirilsə də, hələlik onun tətbiqi yubadılır. Bütün hallarda isə bundan sonra bələdiyyələr hərrac və ya müsabiqəsiz torpaq satışını həyata keçirə bilməyəcəklər. Hələlik isə torpaq satışının əvvəlki qaydalarla reallaşdırıldığı barədə məlumatlar dolaşmaqdadır. Müsahibimiz millət vəkili, Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadədir. ("OLAYLAR"İA)
- Arif müəllim, bələdiyyə torpaqlarının hərrac və ya müsabiqə yolu ilə satılması qaydalarını tənzimləyən əsasnamənin taleyi nə yerdədir? Artıq bu məsələ ilə bağlı cəmiyyətdə müəyyən narahatçılıq ifadə olunur.
- Bu məsələ Milli Məclisin regional məsələlər daimi komissiyasında da müzakirə olunub. Məsələ ilə bağlı komissiya üzvləri də narahatçılıqlarını dilə gətirdilər. İclasa dəvət olunmuş Ədliyyə Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin də nümayəndələri məsələ ilə bağlı öz fikirlərini ifadə etdilər. Komissiya sədri kimi mən də öz fikrimi açıqladım. Bir daha bildirirəm ki, sözügedən əsasnamənin hazırlanması Nazirlər Kabinetinə tapşırılıb. Məlumata görə, artıq sənəd üzərində iş başa çatıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bununla bağlı öz layihəsini verib və həmin layihədə müəyyən çatışmazlıq olduğundan yenidən düzəldilib. Düzdür, bu məsələ ləngiyir, ancaq lazımi istiqamətdə fəaliyyət davam etdirilir. Hələlik mən bu sənədlə tanış olmamışam. Çünki bu məsələ birbaşa bizim səlahiyyətimizə aid deyil. Daha doğrusu, həmin sənədlə bağlı hansısa bir qanunda ziddiyyət yaransa və yaxud hansısa qanuna düzəliş və yaxud əlavə edilməsi lazım gələrsə, çox güman ki, bizə müraciət ediləcək. Demək istəyirəm ki, bu məsələ müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabinetinə tapşırılıb.
- Məlumata görə, bəzi bələdiyyələr əsasnamənin təsdiqini gözləmədən əvvəlki qayda ilə torpaq satışını davam etdirirlər...
- Bələdiyyələrin fəaliyyəti ilə əlaqədar qanunverici orqan kimi bizə çoxlu müraciətlər daxil olur. Biz də müvafiq qaydada müraciətləri araşdırmaq üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Mərkəzinə göndəririk. Onlar da həmin müraciətləri yoxlayaraq müvafiq cavablarını verirlər. Eyni zamanda əgər həmin müraciətdəki nöqsanlar, səhvlər təsdiq olunsa, o zaman müvafiq tədbirlər də görülür. Ancaq düzünü desəm, dediyiniz məsələ ilə bağlı hansısa bir fakt mənə məlum deyil. Ola bilsin ki, haradasa belə hadisə baş verib və yaxud ola bilər ki, bunlar sadəcə söz-söhbətlərdir. Bütün hallarda çox təəssüflənlirici haldır ki, bələdiyyələr insanların şüurunda "torpaq satan" bir orqan kimi iz salıb. Ancaq bir daha qeyd edirəm ki, şəxsən mən dediyiniz faktla rastlaşmamışam.
- Qanunverici orqanın təmsilçisi kimi ümumilikdə bələdiyyələrin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Hər halda Azərbaycanda bələdiyyələr öz fəaliyyətlərini gündən-günə genişləndirlər. Desəm ki, bələdiyyələrin fəaliyyətindən bütövlükdə razıyam, bu, düzgün olmazdı. İş burasındadır ki, elə məsələlər var ki, onlar bələdiyyələrdən də asılı deyil. Məsələn, biri deyir kiminsə pəncərəsinin qarşısında hasar tikilib, yaxud yüksək mərtəbəli evin yuxarı mərtəbəsindən kimsə qarpız, yemiş, kartof, soğan qabığı və digər məişət tullantılarını aşağı tullayır. Belə halda həmin ərazidə fəaliyyət göstərən bələdiyyə və bələdiyyə üzvləri necə fəal olsalar da, necə yaxşı işləsələr də, bu halların qarşısını ala bilməzlər. Sözümün canı odur ki, bu gün bələdiyyələrin fəaliyyətində daha çox özünü göstərən elə hallar var ki, əslində onlar insanların daxili mədəniyyətinin olmaması nəticəsində üzə çıxır. Belə məsələlər çox zaman bələdiyyələrin fəaliyyəti ilə əlaqələndirilir, amma həmin bələdiyyə üzvləri də bizim sıralarımızdan çıxan insanlardır. Onlar bizdən ağıllı insanlar deyillər ki? Biz nə ediriksə, onlar da onu edir. Odur ki, bələdiyyələrin fəaliyyətini birdən-birə yüksək səviyyəyə qaldırmaq, ideal da olmasa onlara yaxşı demək üçün hələ bir müddət vaxt lazımdır. Bizim gərək ümumi mədəniyyətimiz artsın ki, bələdiyyələrə bütövlükdə münasibətimiz dəyişsin. İnsanlar bələdiyyələrin rolunu tam mənada başa düşsün, fəaliyyətlərini qurmaq üçün bələdiyyələrə tələb olunan vergilərini ödəsinlər. Bunlar hamısı olmadan bələdiyyələri tənqid etməklə heç nə əldə etmək mümkün deyil.