Azərbaycanda təhsilin tarixi
İkinci yazı
Gəncədə doğulub boya-başa çatmış, ilk təhsilini burada aldıqdan sonra Şərq ölkələrinə səyahətə çıxan Ömər Gəncəvi Nişapur, Həmədan, Mərv şəhərlərində müxtəlif ədəbi-məktəblərlə tanış olmuş, Bağdadın "Nizamiyyə" mədrəsəsində təhsil almışdı. On ikinci əsrin məşhur astronomu Fazil Fəridəddin Şirvani bütün ömrünü səma cisimlərinin öyrənilməsinə həsr etmiş, astronomiyaya dair bir sıra qiymətli cədvəllər tərtib etmişdi. Azərbaycanın müxtəlif yerlərində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələri də o zaman burada astronomiyaya böyük maraq göstərildiyini sübut edir. Astronomiyanın inkişafı başqa amillərlə yanaşı, Azərbaycanın çox geniş xarici ticarət əlaqələri ilə, bilavasitə uzaq Şərq və Qərb ölkələri ilə karvan ticarətinin inkişafı ilə bağlı idi.
Marağa
Ərəb səyyahları Azərbaycanın böyük şəhərləri sırasında Marağa və Urmiyanı da qeyd edirdilər. Əvvəllər kiçik bir yaşayış məskəni olan Marağa Abbasi xəlifəsi Harun ər-Rəşidin dövründə möhkəm qalası olan orta əsr şəhərinə çevrilmişdi. Marağa həm də Xilafət qoşunlarının mühüm istinadgahlarından biri idi. Marağa bir müddət Azərbaycan Sacilər dövlətininin paytaxtı oldu və daha da böyüdü. Qədim zamanlardan bura hərbi düşərgə və paytaxt idi. Xəzinə və hökumət idarələri də burada idi. Əbu Qasım ibn Divdad ibn əd Divdad paytaxtı Marağadan Ərdəbilə köçürdü.
Gəncə
XI əsrin ortalarından başlayaraq Azərbaycanın həyatında Gəncə mühüm rol oynamağa başladı. Uzun müddət paytaxt şəhəri olan Gəncədə sultan sarayı, hökmdarlara, ruhanilərə, dövlət məmurlarına məxsus olan sarayların, imarətlərin, həmçinin məscid, mədrəsə, hamamlar və başqa ictimai binaların tikilməsi şəhərdə memarlığın və bir çox sənət sahələrinin inkişafına təkan vermişdi. Burada həmin dövrə aid olaraq təhsil və mədəniyyət inkişaf edirdi. Lakin 1139-cu il sentyabrın 30-da bu böyük sənət, təhsil və mədəniyyət mərkəzinə dəhşətli fəlakət üz verdi. Mənbələrin məlumatına görə, cümədən şənbəyə keçən gecə baş verən zəlzələ nəticəsində Gəncə bütünlüklə dağılıb xarabalığa çevrildi. Gəncə əhalisinin təxminən 230 min nəfəri, digər məlumata görə isə, 300 min nəfəri həlak oldu.
Naxçıvan
Səlcuqların və Atabəylərin hakimiyyəti dövründə böyük sənətkarlıq, elm və ticarət mərkəzlərindən biri də Naxçıvan şəhəri idi. Naxçıvan Atabəy Şəmsəddin Eldəgizin hakimiyyəti illərində Azərbaycan Eldəgizlər dövlətinin paytaxtlarından biri oldu. Şəhərin yüksək tərəqqisi bu vaxta təsadüf edir. Araz sahilində Azərbaycanın çox mühüm hərbi-strateji məntəqəsi olan Naxçıvan möhkəm qala divarları ilə əhatə olunmuşdu. Böyük sənətkarlıq mərkəzi idi. Naxçıvan ustalarının əlindən çıxan parçalar, çuxalar, cürbəcür qab-qacaq, xüsusilə dəmirağacından hazırlanmış kasa, piyalə məmulatı, qızıl, gümüş və misdən düzəldilmiş sənətkarlıq malları təkcə daxili tələbatı ödəməklə qalmır, xarici ölkələrə də ixrac olunurdu. Şəhərdə Atabəylərin iqamətgahı və dövlətxanadan başqa çoxlu saraylar, mədrəsələr, məscidlər, imarətlər, türbələr tikilmişdi.
Təbriz
Atabəylərin hakimiyyəti döründə Təbriz şəhəri də çox böyüdü. Beynəlxalq karvan yollarının qovşağında yerləşən Təbriz bu dövlətin paytaxtı idi. Şəhər möhkəm qala divarları ilə əhatə olunmuşdu. Təbriz Asiya və Avropa arasında çox mühüm beynəlxalq ticarət mərkəzi idi. Təbriz ustalarının toxuduğu xalçalar , atlas, xətayi, tafta və növbənöv başqa ipək parçalar , geyimlər, örtüklər, pərdələr və bir çox başqa məhsullar dünya bazarlarını əlbəəl gəzirdi. Təbriz bütün Şərqdə mühüm elm, təhsil, mədəniyyət mərkəzi idi. Təbriz xəttatları , cildçiləri hər yerdə tanınırdılar. Şəhərdə bir neçə mədrəsə fəaliyyət göstərirdi.
Şamaxı
IX-XIII yüzilliyin başlanğıcında Azərbaycanın mühüm sənətkarlıq və ticarət mərkəzlərindən biri də Şamaxı şəhəri idi. Şirvanşahlar dövlətinin qüvvətlənməsi ilə bağlı onun paytaxtı Şamaxı Şərqin ən böyük ticarət mərkəzlərindən birinə çevrildi. Dərbənddən Gəncəyə və Bərdəyə, eyni zamanda Azərbaycanın güney bölgələrinə gedən karvan yollarının üstündə yerləşən Şamaxı həm də mühüm beynəlxalq ticarət şəhəri idi. Azərbaycanın xam ipəyi o zaman Şamaxıdan Şimali İtaliya şəhərlərinə, eyni zamanda Fransaya ixrac olunmağa başlamışdı.
Ədəbiyyat
XI-XII əsrlərdə ədəbiyyatda daha güclü oyanış baş verdi. Böyük Nizamini və onu yetirən ədəbi mühitin timsalında Azərbaycan ədəbiyyatı ümumdünya mədəniyyətinin ən uca zirvələrindən birini fəth etdi. Ədəbiyyatın inkişafında əsasən iki cərəyan nəzərə çarpırdı: şifahi xalq yaradıcılığı və peşəkar yazıçıların qələmindən çıxan klassik ədəbi nümunələr. Bəhs olunan dövrdə şifahi xalq ədəbiyyatının ən böyük nümunəsi "Kitabi-Dədəm Qorqud" dastanı idi. Möhtəşəm sənət abidəsi olan "Kitabi-Dədəm Qorqud" boyları Azərbaycanın bütün guşələrində, habelə oğuzların yaşadıqları bütün ərazilərdə yayılmışdı. El aşıqları - ozanlar Azərbaycanı və qonşu ölkələri qarış-qarış gəzib dolanır, toy-düyünlərdə, bayram şənliklərində, zorxanalarda minilliklərin dərinliklərindən baş alıb gəlmiş şifahi ədəbiyyat nümunələrini -xalqın mənəvi dünyasını, alp-ərənlik keçmişini öz müasirlərinə çatdırır, onu daha da zənginləşdirir, cilalayır, dildən-dilə, eldən-elə ötürə-ötürə gələcək nəsillərə ərməğan edirdilər. Oğuzların gündəlik həyatından, acılı-şirinli gün-güzəranından, məişətindən, yadellilərə qarşı qəhrəmanlıq mübarizəsindən doğan şifahi xalq yaradıcılığı nümunələri xalq üçün doğma və əziz idi. Belə ədəbi nümunələri xalq həm də ona görə sevirdi ki, onlar doğma türk dilində yaranmaqla xalqın real həyatını əks etdirir, dostu-dost, düşməni-düşmən kimi təqdim edirdi. Yeri gəlmişkən, "Kitabi-Dədəm Qorqud" boyları bugünkü nəsillərə həm də yazılı ədəbi abidə kimi yadigar qalmışdı. Məşhur qəhrəmanlıq dastanımızın hələ o zaman - erkən orta əsrlərdə konkret bir müəllif tərəfindən yazıya alınması Azərbaycan türk dilinin qədim yazılı ədəbiyyat ənənələrinə malik olduğunu sübut edir.
Xalq ədəbiyyyatından fərqli olaraq, yazılı ədəbi nümunələr əsasən ayrı-ayrı feodal hökmdarlarının saraylarında, həmçinin iri şəhərlərində formalaşan ədəbi mühitdə meydana gəlirdi. Odur ki, bu cür əsərlər xalq həyatını şifahi ədəbiyyat nümunələri qədər dolğun əks etdirmirdi. Digər tərəfdən, yazılı ədəbiyyat nümunələri, bir qayda olaraq, ərəb və fars dillərində yaranırdı. Azərbaycan Xilafət imperiyasının tərkibindən çıxdıqdan sonra ərəb dilində yaradılan yazılı ədəbiyyat tədricən zəifləyir, fars dilində yazılan ədəbi nümunələr isə artmağa başlayırdı. Bu, bir tərəfdən, ərəb və fars dillərinə üstünlük verən Azərbaycan hökmdarlarının sifarişləri ilə, həmçinin feodal saraylarında hökmranlıq edən ədəbi mühitlə bağlı idisə, digər tərəfdən, görkəmli Azərbaycan ədiblərinin ərəb və fars dillərinin dövlət dili olduğu Şərq ölkələrinin geniş ədəbi mühiti ilə sıx əlaqələr saxlamaq mənafeyindən irəli gəlirdi. On bir-on ikinci əsrlərdə böyük Nizami zirvəsinə yüksələn Azərbaycan ədəbiyyatının Ömər Gəncəvi, Yusif ibn Tahir, Eynəlqüzzat Miyanəçi, Əbülüla Gəncəvi, Fələki Şirvani, İzəddin Şirvani, Mücirəddin Beyləqani, Qivami Gəncəvi, Qətran Təbrizi, Xətib Təbrizi, Məhsəti Gəncəvi, Xəqani Şirvani və başqaları kimi görkəmli sənətkarlar nəsli yetişdi.
Vahid dilin yaranması
İntibah dövrünün ən mühüm nailiyyəti türk dilinin - Azərbaycan türkcəsinin bütün ölkə ərazisində vahid ünsiyyət vasitəsinə çevrilməsi idi. Altı yüz ildən çox davam edən Sasani və Xilafət imperatorluqlarının hökmranlığı dövründə bütün Azərbaycan torpaqlarının vahid dövlət tərkibində olması ölkənin ayrı-ayrı bölgələri arasında mədəni-iqtisadi əlaqələrin genişlənməsinə müsbət təsir göstərmişdi. Sasanilərə və ərəb işğalçılarına qarşı uzun sürən birgə azadlıq mübarizəsi ölkənin türk və qeyri-türk əhalisinin qaynayıb-qarışması prosesini sürətləndirmişdi. Vahid xalqın yaranışında türk tayfaları mühüm rol oynayırdılar. Çünki başqa xalqlar və etnik qruplardan fərqli olaraq, türk tayfaları ölkənin bütün ərazisinə yayılmışdılar və çoxluq təşkil edirdilər. Bundan başqa, türk dili Azərbaycan ərazisində yaşayan azsaylı xalqlar və etnik qruplar arasında, xüsusilə şimalla cənub arasında, başlıca ünsiyyət vasitəsi idi. İslamın qəbulu vahid xalqın və dilin formalaşması prosesini daha da sürətləndirdi. Yurdun türk və qeyri-türk əhalisi arasında dini ümumiliyin yaranması bütün ölkə miqyasında vahid İslam adət-ənənənlərinin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu.
IX əsrin ortalarında Xilafətin süqutu nəticəsində başlanan siyasi dirçəliş - müstəqil Azərbaycan dövlətinin meydana gəlməsi, ölkənin türk və qeyri-türk əhalisinin vahid türk-İslam cəbhəsində birləşərək erməni-gürcü feodalları və Bizans imperiyasından ibarət xristian blokunun təcavüzünə, habelə rus basqınlarına qarşı azadlıq mübarizəsi vahid xalqın və dilin təşəkkülünü daha da sürətləndirdi. Cənubi Qafqazda, o cümlədən Azərbaycanda İslam-türk birliyi həlledici amilə çevrildi. Artıq İntibah dövrünün lap əvvəllərində, doqquz-onuncu əsrlərdə, Azərbaycan şifahi xalq yaradıcılığının şah əsəri olan "Kitabi-Dədəm Qorqud" dastanları Dəmirqapı Dərbənddən Diyarbəkir hüdudlarına, Xəzərdən Qara dəniz sahillərindəki Trabzon və abxaz elinə qədər geniş ərazidə yayılmışdı. Azərbaycan türkcəsi də bu böyük ərazidə qüdrətli bir ünsiyyət vasitəsinə çevrilmişdi.
XVI-XVII əsrlərdə təhsil, maarif və məktəb
16-17-yüzillərdə maarif sistemində xeyli irəliləyiş olmuş, Təbriz, Şamaxı, Ərdəbil, Marağa və başqa şəhərlərdə məscidlərin nəzdində ibtidai təhsil ocaqları açılmışdı. Məktəblərin çoxu vəqf hesabına idarə olunur, bəzi məktəblərin xərcini isə şah ödəyirdi. Qaynaqların verdiyi məlumata görə, Şah Təhmasib Təbrizdə yetim uşaqlar üçün məktəblər açdırmış, bu məktəbə müəllimlər göndərmişdi. Belə məktəblərə "Yetimlər evi"də deyilirdi. Bu məktəblər ilbəil xəzinədən gələn qızıl pul ilə dolanırdı. Pullu özəl məktəblər də var idi. Bu məktəblərdə valideynlər müəllimə nağd pul verməklə uşaqlarını oxudurdular.
A.Mənsumə