
Türkiyənin xarici işlər naziri Əli Babacan "İnternational Herald Tribune" qəzeti üçün yazdığı məqalədə Ankaranın irəli sürdüyü Qafqazlarda Sabitlik və Əməkdaşlıq Platformasının bu regionda problemlərin həlli ilə məşğul olan digər təsisat, mexanizm və təşkilatlara alternativ olmadığını qeyd etmişdir. Əli Babacan vurğulamışdır ki, platforma Qafqaz regionu ölkələri arasında kommunikasiyaların daha da təkmilləşdirilməsi, sabitlik və əməkdaşlıq üçün qarşılıqlı etimadın artırılması, siyasi dialoqun gücləndirilməsinə xidmət edəcək əlavə təşəbbüs kimi qəbul olunmalıdır.
Məqalədə deyilir ki, Rusiya ilə Gürcüstan arasında münaqişə Cənubi Qafqazda sülhün nə qədər kövrək olduğunu və buradakı gərginliyin bütün dünyaya necə təsir etdiyini bir daha göstərdi. Bu hadisələr regionun digər ölkələrinə də təsirini göstərdi. Məsələn, Ermənistan özlərinin başlıca nəqliyyat dəhlizindən məhrum olmaq təhlükəsi ilə üzləşdi. Avropa və dünya üçün əhəmiyyətli olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri ilə bağlı ciddi əndişələr yarandı. Region ölkələrinin qonşusu kimi Türkiyə bu gərginliyin azaldılması istiqamətində səylərini gücləndirdi.
Əli Babacanın fikrincə, Cənubi Qafqaz ölkələri burada olan problemlərin həllinə ilk növbədə özləri səmərəli yollar tapmalıdırlar. Bunun üçün münbit şərait lazımdır. Türkiyənin təşəbbüsü də məhz bu etimad mühitinin yaranmasına xidmət edir. Ankaranın Yerevanla ikitərəfli əlaqələrinin normallaşdırılması da bu kontekstdə zəruri addım kimi dəyərləndirilməlidir. Türkiyə bu münaqişələrin dialoq və sülh yolu ilə həllində beynəlxalq hüququn başlıca prinsipləri olan dövlətlərin müstəqillik, suverenlik və ərazi bütövlüyünü hər zaman dəstəkləmişdir.